Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edir

04-06-2024 2044 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edir

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri ilə bağlı məlumatlılığın artırılması ilə bağlı tədbirlər keçirilir.

Hazırda qlobal səviyyədə müzakirə mövzularından biri olan iqlim dəyişikliyi müxtəlif sahələrə öz təsirini göstərməklə yanaşı, insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır. Dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, elmi ictimaiyyət tərəfindən bu mövzuda davamlı müzakirələr aparılır və həll yolları araşdırılır.

Gənclərin bu mövzu ilə bağlı araşdırmalar apararaq öz töhfələrini verməsi, habelə onların komanda işi bacarıqlarının inkişafı üçün Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma yazıları müsabiqəsi elan olunur. Müsabiqə “İqlim dəyişikliyi və insan hüquqlarına gənclərin baxışı” (Youth Vision for Climate Change and Human Rights) şüarı ilə keçiriləcəkdir.

Müsabiqə barədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasında 45 dəqiqəlik məlumat sessiyaları keçiriləcəkdir.

Yazılar müsabiqə keçirən tərəfləri təmsil etməyən, üç müstəqil ekspert - alimdən ibarət olan münsiflər tərəfindən qiymətləndiriləcəkdir. 

Müsabiqə iştirakçılarına dair şərtlər:

  • Araşdırma yazıları 5 nəfərlik qrup tərəfindən hazırlanıb təqdim edilməlidir.
  • Qrup üzvləri hüquq, beynəlxalq münasibətlər, sosiologiya, politologiya, dövlət və ictimai münasibətlər və digər humanitar sahələr üzrə bakalavr (ən azı II kursu bitirmiş) və ya magistratura pilləsində təhsil alan tələbələr olmalıdır.
  • Müsabiqəyə qeydiyyatdan keçmək üçün komanda şəklində, 20 iyun 2024-cü il tarixinədək aşağıdakı link vasitəsilə müraciət forması doldurulmalıdır. 

Link:

______________________________

Araşdırma-yazı ilə bağlı tələblər:

  • Araşdırma-yazı qrup işi olaraq təqdim olunur. Qrup üzvləri arasında funksiyalar bölünür və bir nəfər qrup məruzəçisi olaraq seçilir.
  • Yazı Azərbaycan dilində hazırlanmalı, orijinal məzmuna malik olmalı, plagiatçılığa yol verilməməlidir.
  • Yazı “Times New Roman” şrifti ilə, sətirlərarası 1 intervalla yazılmalı və söz həcmi minimum 14000, maksimum 15000 olmalıdır.
  • Araşdırma-yazı 5 bölmədən ibarət olmalıdır və hər bir bölmə bir qrup üzvü tərəfindən yazılmalıdır.
  • Qrup üzvləri tərəfindən araşdırma-yazının təqdimatı üçün 3 dəqiqəlik tanıtım videosu hazırlanmalıdır.
  • Yazı və video 25 avqust 2024-cü il tarixinədək essaycompetitionclimatechange@gmail.com elektron poçt ünvanına göndərilməlidir. 

Qeyd edilən tələblərə cavab verən qrup üzvlərinə 24 iyun tarixində elektron poçt vasitəsilə məlumat veriləcəkdir.

Təqdim edilən araşdırma-yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Yekunda qalib araşdırma-yazının müəllifi olan qrup Ombudsman Aparatı tərəfindən “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq forumda öz araşdırmasına dair təqdimatla çıxış edəcək. 

I yerin qalibi olan qrup üzvlərinə mükafat və sertifikatlar, digər qrup üzvlərinə isə müsabiqədə iştiraklarına görə sertifikatlar veriləcəkdir. 

Qalib araşdırma-yazı BMT-nin İnkişaf Proqramının internet səhifəsində azərbaycan və ingilis dillərində yayımlanacaqdır.

Əlavə məlumat üçün Ombudsman Aparatı ilə office@ombudsman.az elektron poçt ünvanı və ya 012 493 58 10 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.