Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak edib

01-09-2024 1314 dəfə oxunub
Ombudsman Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Səsvermədən sonra Ombudsman jurnalistlərə müsahibə verib. S.Əliyeva Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Müvəkkil təsisatın və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, eyni zamanda, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, seçkiyə hazırlıq vəziyyətinin monitorinqinin həyata keçirildiyini bildirib.

Bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış seçki məntəqələrində müşahidələrin aparıldığını bildirən Müvəkkil respublikamızın bütün məntəqələrində seçki prosesinin təşkili, seçicilərin səsvermədə sərbəst iştirakı ilə bağlı zəruri addımların atıldığını qeyd edib, əlilliyi olan şəxslərin fərdi qaydada öz iradələrini müstəqil şəkildə ifadə edə bilmələri məqsədilə bir sıra məntəqələrdə pandusların quraşdırıldığını, gözdən əlilliyi olan seçicilər üçün mövcud seçki məntəqələrinə Brayl əlifbası ilə çap olunan bülletenlərin verildiyini qeyd edib.

Həmçinin S.Əliyeva ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşlarının parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə apardıqlarını diqqətə çatdırıb.

Seçkilərin gedişatı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.