Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva “Hüquq və iqlim” adlı beynəlxalq konfransda iştirak edib

06-09-2024 1591 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva “Hüquq və iqlim” adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə keçirilən “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfransda iştirak edib.

Tədbirin açılış sessiyasında çıxış edən Ombudsman ekoloji problemlərin yaranma səbəblərinin və həll edilməsi yollarının araşdırılmasının zəruri olduğunu, istər beynəlxalq təşkilatlar tərəfindən, istərsə də dünya ölkələri səviyyəsində bu sahədə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Müvəkkil ətraf mühitin qorunması, ekoloji dayanıqlığın təmin olunması və digər bəşəri əhəmiyyətli hədəfləri müəyyən edən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının təmini, ətraf mühitin mühafizəsi və sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq normaların ölkə səviyyəsində implementasiyası istiqamətində Ombudsman təsisatı tərəfindən müvafiq işlərin aparıldığını, bu sahədə geniş maarifləndirmə fəaliyyətinin həyata keçirildiyini bildirib.

Ombudsman ətraf mühitə mənfi təsir göstərən mühüm problemlərdən birinin də dünyada baş verən müharibələrin olduğunu qeyd edib, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin talanması, qanunsuz istismarı, habelə flora və faunasının, biomüxtəlifliyinin məhv edilməsi, yürüdülən mina terroru siyasəti və onun fəsadlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ombudsman Aparatı tərəfindən geniş fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

S.Əliyeva iqlim dəyişikliyi ilə mübarizədə dünyanın vacib təşəbbüslərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının xüsusi əhəmiyyət kəsb etdiyini, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində bir sıra mühüm tədbirlərin təşkil olunduğunu, eləcə də cari ilin 2 oktyabr tarixində Ombudsmanın təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda beynəlxalq forumun keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.