Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman UNICEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

24-09-2024 1261 dəfə oxunub
Ombudsman UNICEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.

Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.

Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib.

Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.

Müvəkkil azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

UNICEF-in ölkəmizdəki nümayəndəsi Saca Faruq Abdullah öz növbəsində səmimi qəbula görə Ombudsmana minnətdarlığını bildirib.

Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.