Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda Ombudsman Aparatı tərəfindən seminar keçirilib

22-10-2024 449 dəfə oxunub
“İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda Ombudsman Aparatı tərəfindən seminar keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və BMT-nin İnkişaf Proqramının (BMTİP) ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində Qəbələ şəhərində “İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda seminar təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının təşkilatçılığı və BMTİP-nin dəstəyi ilə cari ildə Hakaton Formatında təşkil olunan “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunmuş araşdırma-yazı müsabiqəsinin iştirakçıları ilə yanaşı, Ombudsman Aparatında könüllülük proqramı çərçivəsində fəaliyyət göstərən gənclər də iştirak ediblər.

Seminarın açılışında Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli çıxış edərək, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə insan hüquqları sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib. İqlim dəyişmələri ilə bağlı problemə diqqət çəkən Z.Vəliməmmədli ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin, bu sahədə gənclərin fəal iştirakının əhəmiyyətini vurğulayıb. O, cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlər, o cümlədən Ombudsmanın təşəbbüsü ilə baş tutan və otuzdan çox ölkənin ombudsman, milli insan hüquqları institutları və beynəlxalq ekspertlərinin təmsil olunduğu Ombudsmanların Beynəlxalq Bakı Forumundan danışıb. Seminarda iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli istiqamətində fikir mübadilələrinin aparılmasında bu cür tədbirlərin vacibliyi xüsusilə qeyd olunub.

İqlim dəyişikliyinin insan hüquqları kontekstində təhlili və bu mövzuya gənclərin diqqətinin yönləndirilməsi məqsədini güdən interaktiv seminarda müsabiqə iştirakçılarının komanda şəklində hazırladıqları videoçarxlar nümayiş etdirilib.

Daha sonra Ombudsman Aparatının əməkdaşları Aydan Talıbova və Şəhla Aslanovanın təlimçi qismində iştirakları ilə seminar işini davam etdirib. İştirakçılar arasında qrup şəklində müzakirələr və "İqlim dəyişikliyinin əhalinin fərqli qrupları üzərində təsiri" mövzusunda kazuslara əsaslanan interaktiv rol oyunu keçirilib.