Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək bir qrup uşaqla görüşüb.
Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.
Ombudsman uşaq hüquqları sahəsində müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, eləcə də aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.
Səbinə Əliyeva hər il “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini və Forum iştirakçıları ilə təşkil edilmiş görüşün əlamətdar olduğunu qeyd edib. Ombudsman aylıq çərçivəsində keçirilən tədbirlərdə uşaqların geniş şəkildə iştirakının əhəmiyyətini vurğulayıb.
Görüşdə Ombudsman uşaq hüquqlarının təmini, həmçinin bu sahədə icra edilən tədbirlərlə bağlı Forum iştirakçılarının fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, uşaqlara öz tövsiyələrini verib.