Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində iştirak edib

19-11-2024 349 dəfə oxunub
Ombudsman "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində iştirak edib.

Çıxışı zamanı Ombudsman hazırda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının işinin yüksək səviyyədə təşkil edildiyini və tədbir çərçivəsində uğurlu fəaliyyət həyata keçirildiyini bildirib.

Sonra Müvəkkil insan hüquq və azadlıqlarının təmini sahəsində səmərəliliyin daha da artırılması və narahatlıq doğuran bəzi məsələlərin həlli məqsədilə növbəti ilin dövlət büdcəsi üçün bir sıra təkliflərlə çıxış edib.

Səbinə Əliyeva sağlamlığın qorunması hüququnun səmərəli təmini məqsədilə bütün tibb xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib.

Eyni zamanda, körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə uşağa qulluğa görə və aztəminatlı ailələrə müavinətin məbləğinin artırılması təklif olunub.

Bundan əlavə, respublikamızın bir sıra bölgələrində havanın daha erkən soyumasını nəzərə alaraq, uşaq müəssisələrində qış və yay mövsümünə keçidin havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu qeyd edilib.

Körpələr evində, bağça-körpələr evində və uşaq evlərində uşaqların sağlamlığının qorunması hüququnun təmini sahəsində səmərəliliyin artırılması məqsədilə bu müəssisələrdə uşaqlar üçün qida normalarının müasir standartlara uyğunlaşdırılması məsələsi də Müvəkkil tərəfindən təklif olunub.

Ombudsman aztəminatlı ailələrin və həssas qrupların vəziyyətini nəzərə alaraq, ümumtəhsil məktəblərində tədris proqramlarında nəzərdə tutulmuş dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə şagirdlərə dövlət hesabına verilməsini, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasını, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb olunmasını, həmçinin dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını təklif edib.

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda, müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması da Ombudsman tərəfindən təklif olunan məsələlər arasında yer alıb.

Müvəkkil, həmçinin Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi məqsədilə Ombudsman Aparatında Biznes və insan hüquqları sektorunun yaradılması kimi bir sıra struktur dəyişikliklərinin edilməsinə, təsisatın maddi-texniki bazasının yenilənməsinə və müasirləşdirilməsinə maliyyə dəstəyinin verilməsinin vacibliyini diqqətə çatdırıb.