Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsi olan Honq Konqda Ombudsman İnstitutunun yaradılmasının 35 illik yubileyi münasibətilə təşkil edilmiş 2024-cü il Beynəlxalq Ombudsmanlar Sammitində iştirak edib.
Tədbirdə çıxışı zamanı Aparat rəhbəri Ombudsmanın insan hüquq və azadlıqlarının təmini və müdafiəsi, milli preventiv mexanizm fəaliyyəti, uşaq hüquqlarının və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, eyni zamanda tətbiq etdiyi müsbət təcrübələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
A.Səfixanlı ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələri barədə məsələlərə toxunaraq, müvafiq sahədə Ombudsmanın gördüyü işləri qeyd edib. O, habelə ölkəmizə qarşı keçirilmiş qarayaxma və qara piar kampaniyalarına baxmayaraq, cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP 29) yüksək səviyyədə təşkil edildiyini və uğurla həyata keçirildiyini söyləyib. Azərbaycanın COP-29-a ev sahibliyi edən ölkə olaraq insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun daha yaxşı təmini məqsədilə iştirakçı ölkələr üçün yeni hədəflərin müəyyən edilməsi, inkişaf etmiş ölkələrin hər il iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq məqsədilə inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər ildə 300 milyard dollar maliyyə yardımı ayrılması, və Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması kimi bir sıra uğurlara imza atdığını da vurğulayıb.
Eyni zamanda, bütün bu tədbirlərin insanların sağlam ətraf mühitdə yaşamaq hüququ baxımından da əhəmiyyətli olduğu vurğulanmış, Ombudsman təsisatının da Milli insan hüquqları təsisatı olaraq, COP29 prosesi çərçivəsində yaxından iştirak etdiyini, Müvəkkilin COP29 Təşkilat Komitəsinin üzvü olduğunu, bu çərçivədə yan-tədbir keçirdiyini, ekoloji problemlərlə əlaqədar araşdırmalar apardığı barədə iştirakçıları məlumatlandırıb.
Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin insan hüquq və azadlıqlarının kütləvi pozulmasına səbəb olduğunu deyən Aparat rəhbəri Azərbaycanın da həmçinin uzun illər münaqişədən əziyyət çəkdiyini, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda ətraf mühitə ziyan vurduğunu, su resurslarını kimyəvi tullantılarla çirkləndirdiyini, ekosid, urbisid cinayətləri, mina terroru törətdiyini, Müvəkkilin bu kimi faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həm öz təşəbbüsü ilə, həm də beynəlxalq təşkilatlarla birgə işğaldan azad edilmiş torpaqlarda fakt-araşdırıcı missiyaların həyata keçirilməsi və həmin araşdırmaların nəticələrinə əsaslanaraq hazırlanan hesabatlar və bəyanatların beynəlxalq təşkilatlara göndərildiyini söyləyib.
Eyni zamanda, Müvəkkilin həmin bəyanat və hesabatlarda aidiyyəti qurumları, xarici öləkələrin ombudsmanları və milli insan hüquqları institutlarını insanlığa təhdid yaradan bu kimi hallara qarşı birgə fəaliyyət göstərməyə çağırış etdiyi də bildirib.