İnsan hüquqlarının müdafiəsi və təşviqi sahəsində məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə ölkəmizin paytaxt və regionlarında davamlı olaraq maarifləndirmə tədbirləri keçirilir.
Bu günlərdə Ombudsman Aparatında 2024-cü il üzrə Müvəkkil tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, həmçinin hüquq bərabərliyinin təbliği və ayrı-seçkiliklə mübarizəyə dair növbəti maarifləndirmə tədbiri baş tutub.
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün təşkil edilən həmin tədbirdə Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli iştirakçılara Müvəkkilin müvafiq sərancamı əsasında həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, BMT nəzdində milli insan hüquqları institutu qismində akkreditasiya olunan Ombudsman təsisatı insan hüquqları sahəsində əldə olunan müsbət təcrübələrin həm milli, həm də beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayır. O, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilən dəyişikliklərə əsasən Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradıldığını və müvafiq sahələr üzrə fəaliyyətin daha da effektiv olması üçün vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin də onlayn olaraq qoşulduğu seminarda Ombudsman Aparatının əməkdaşları Şəhla Aslanova və Sevinc Şener “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi, həmçinin bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi sahəsində Ombudsmanın fəaliyyəti ilə bağlı təlimçi qismində çıxış ediblər.
Tədbir zamanı həmçinin iştirakçılar ilə maraqlı və interaktiv fikir mübadiləsi aparılıb.