Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Vətən Müharibəsi. Tarixi Azərbaycanın ərazi bütövlüyünün bərpası. Şəxsiyyət Faktoru.” kitabının təqdimatında iştirak edib.
Tədbirdə çıxışı zamanı Ombudsman 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində azad edilməsinin bütün xalqımızın şanlı Zəfəri olduğunu vurğulayıb. O, bu qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamış bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Kitabda Səbinə Əliyevanın Ermənistanın müharibə cinayətlərinin ifşası mövzusunda geniş məqaləsi yer alıb. Ombudsman bu gün canlı şahidi olduğumuz hadisələrin gələcək nəsillərə ötürülməsi məqsədilə yeni əsərlərin yazılması, kitabların çap edilməsi, filmlərin çəkilməsi, verilişlərin hazırlanmasının və gələcək nəsillərə vətənpərvərlik və dövlətçilik təbliğatının düzgün şəkildə aşılanmasının vacibliyini vurğulayıb. Çıxış zamanı həmçinin qeyd olunub ki, gənc nəslin nümayəndələri və xaricdə yaşayan soydaşlarımız cənab Prezidentin dərin şəxsiyyətini, xalqı qarşısında olan tarixi xidmətlərini, Azərbaycanın suverenliyinin təmin olunmasında keçdiyi bu şərəfli yolu daim dərindən öyrənməlidir.