Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT MDİHK-nın Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib

10-12-2024 251 dəfə oxunub
İƏT MDİHK-nın Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ermənistanın işğalından azad edilmiş ərazilərdə insan hüquqlarının və humanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabatının təqdimatı keçirilib.

Ombudsman Səbinə Əliyeva təqdimatda çıxışı zamanı hazırda dünyada bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik və islamofobiya hallarının artdığını, beynəlxalq təşkilatların bu kimi hallara biganə münasibətinin insan hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu qeyd edib.

Müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiya siyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, o cümlədən genosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyini bildirib. Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq, beynəlxalq təşkilatlara dəfələrlə hesabatlar, bəyanatlar və müraciətlər təqdim olunsa da, bu istiqamətdə heç bir effektiv tədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğu diqqətə çatdırılıb.

Ombudsman Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının pozulması faktlarının araşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, İƏT MDİHK-nın nümayəndələrinin Azərbaycanda iki dəfə faktaraşdırıcı missiya həyata keçirdiyini qeyd edib.

Sonra Ombudsman Aparatının rəhbəri, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı çıxış edərək İƏT MDİHK-nın Azərbaycanla bağlı hesabatı barədə ətraflı məlumat verib. O, nümayəndə heyətinin səfərinin əsas məqsədinin Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Aparat rəhbəri səfərin nəticəsi olaraq hazırlanmış hesabatda İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən, eyni zamanda, beynəlxalq təşkilatlara ünvanlanacaq tövsiyələrin də öz əksini tapdığını, Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını pozması faktlarının da qeyd olunduğunu bildirib. Hesabatın İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci Zivə Görüşü çərçivəsində təsdiq edildiyinu və daha sonra İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəsmi internet saytında yerləşdirildiyini qeyd edib.

Yekunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihə çərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yer aldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən “Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.

İngilis dilində hazırlanmış hesabat barəsində əlavə məlmat almaq üçün buradan kecid edə bilərsiniz.