
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları aylığı çərçivəsində tədbirlər davam edir.
Bu günlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 saylı tam orta məktəbdə, UAFA-nın həmin şəhər filialında, Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə, habelə Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyada və həmin şəhər O.Mirzəyev adına Qarışıq tipli Uşaq evində silsilə tədbirlər keçirmişdir. Bu tədbirlərdə rayon icra hakimiyyətlərinin, rayon təhsil, habelə mədəniyyət və turizm şöbələrinin əməkdaşları, müəllimlər, şagirdlər və onların valideynləri iştirak etmişlər.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Müvəkkilin adından iştirakçıları salamlayaraq, bütün əhali qrupları ilə yanaşı, uşaqların da daim Ombudsmanın diqqət mərkəzində olduğunu bildirmişdir. O, keçirilən tədbirlərdə BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu digər beynəlxalq sənədlər, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı, eyni zamanda Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki geniş fəaliyyəti, uşaq hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaqla bağlı Müvəkkil tərəfindən verilən təkliflər barədə geniş məlumat vermişdir.
Uşaq hüquqları aylığının məqsəd və mahiyyəti, Ombudsmanın təşəbbüsü ilə həyata keçirilən Uşaq hüquqlarının pilləli tədrisi layihəsi və əhəmiyyəti, Müvəkkilin uşaq hüquqlarının pozulması ilə bağlı 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti, insan hüquqlarının və onun tərkib hissəsi kimi uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, habelə qanunla ziddiyyətdə olan uşaqlar və onların ədalət mühakiməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası, uşaqlara qarşı baş vermiş zorakılıq hallarının araşdırılması üsulları və digər mühüm məsələlər diqqətə çatdırılmışdır.
Tədbirlər mövzu ətrafında səmərəli müzakirələrlə yadda qalmış və iştirakçılar insan hüquqlarının və onun tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsindəki fəaliyyətinə görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.
Sonda Uşaq hüquqları üzrə pilləli tədris kursunu uğurla bitirən şagirdlərə sertifikatlar təqdim olunmuşdur.