Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Rusiyada azərbaycanlılara qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı bu ölkənin Ombudsmanına müraciət edib

29-06-2025 98 dəfə oxunub
Azərbaycan Ombudsmanı Rusiyada azərbaycanlılara qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı bu ölkənin Ombudsmanına müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana  Merzlyakovaya rəsmi məktub ünvanlayıb.

Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.

Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.

Müraciətdə, həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.