Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Gənclər və İdman Nazirliyinin nəzdində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclər üçün maarifləndirici təlim keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq beynəlxalq sənədlər, institusional mexanizmlər, eləcə də Ombudsmanın bu sahədə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib. Təlim zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları, onların hüquqi nəticələri, həmçinin qarşısının alınması istiqamətində tətbiq olunan effektiv yanaşmalar haqqında geniş məlumat təqdim edilib.
Təlim iştirakçılarla müxtəlif praktiki situasiyaların təhlili üzərində işlərlə davam etdirilib, onların mövzu üzrə fikirləri dinlənilib, gənclərə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tövsiyələr verilib.
Yekunda gənclərin mövzu üzrə ünvanladıqları suallar cavablandırılıb.