Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatların əsas istiqamətlərindən biri cəza siyasətinin humanistləşdirilməsi olub.
Təqdirəlayiq haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş həmin siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə əhalinin sosial baxımdan həssas qruplarının, eləcə də məhkumların hüquqlarının müdafiəsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı müxtəlif sosial əhəmiyyətli layihələr çərçivəsində uşaqların hərtərəfli qayğı ilə əhatə olunması da mühüm yerlərdən birini tutur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il ərəfəsində növbəti dəfə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsində (Kompleksində) islah olunan yetkinlik yaşına çatmayanlardan üç nəfərin paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinə, istirahət və ictimai iaşə obyektlərinə bir günlük səfəri təşkil olunub.
Ombudsman Səbinə Əliyeva onlarla birgə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər güllər qoyub, xatirəsini dərin ehtiramla yad edib. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Müvəkkil uşaqları müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, ölkəmizin inkişaf tarixindəki rolu barədə məlumatlandırıb, onlara fərdi inkişafları, hüquqlarının müdafiəsi, təhsilləri, peşə vərdişləri və islah olunmaları istiqamətində tövsiyələrini bildirib.
Gəzinti zamanı yetkinlik yaşına çatmayanların Heydər Əliyev Mərkəzinə, Bakı Zooloji Parkına və İçərişəhərə səfərləri təşkil olunub. Həmçinin təşkil edilmiş mədəni proqram çərçivəsində uşaqlar xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan “Tağıyev” filmini izləyiblər.
Ombudsmanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlığı çərçivəsində yetkinlik yaşına çatmayan islah olunan şəxslərin mənəvi inkişafına, onların cəmiyyətə adaptasiyasına müsbət təsir göstərən bu kimi tədbirlər davam etdiriləcəkdir.