Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi ilə bağlı sorğusu Konstitusiya Məhkəməsi tərəfindən təmin edilib

24-02-2026 496 dəfə oxunub
Ombudsmanın əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi ilə bağlı sorğusu Konstitusiya Məhkəməsi tərəfindən təmin edilib

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əsasən Müvəkkilin ölkənin qanunvericilik normalarının Azərbaycan Respublikası Konstitusiyası ilə uyğunluğu baxımından yoxlanılması və hər hansı ziddiyyət təşkil edən halların aradan qaldırılması və Konstitusiya ilə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu vermək səlahiyyəti var. Eyni zamanda, Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatı genişləndirilib.

Ombudsmanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə növbəti sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin (İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə (Bərabərlik hüququ), 71-ci maddəsinin II hissəsinə (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 149-cu maddəsinin I və III hissələrinə (Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.) uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi müvafiq qərarla Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılıb.

Qərara əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilir.