Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə DSX-nin Sərhəd Nəzarətinin hərbi qulluqçuları üçün “Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, habelə Ombudsman tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı”nın məqsədi barədə məlumat verib.
Eyni zamanda, insan hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları, sərhəd nəzarəti zamanı şəxslərin hüquqlarının təmin olunması, həmçinin hüquqi maarifləndirmə tədbirlərinin zəruriliyi barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.