Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib

18-06-2026 100 dəfə oxunub
“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib.

Sammitdə 30-a yaxın ölkədən ombudsmanlar, milli insan hüquqları təsisatlarının və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının rəhbər şəxsləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, habelə süni intellekt və insan hüquqları sahəsində ekspertlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin Sammit iştirakçılarına müraciətini səsləndirib.

Sammitdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevə tədbir iştirakçılarına ünvanladığı müraciətə görə təşəkkürünü bildirib.

Ombudsman ölkəmizdə qəbul olunmuş strateji sənədlərin və dövlət proqramlarının süni intellekt texnologiyalarının etik, təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq etdiyini vurğulayıb.

Müvəkkil süni intellektin təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətləri və informasiya mühitində geniş tətbiq olunduğunu qeyd edərək, bu texnologiyaların qanunçuluq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsiplərinə uyğun inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin milli insan hüquqları təsisatlarının rəqəmsal transformasiya şəraitində insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini bildirib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında süni intellekt texnologiyalarının məhkəmə sistemində hüquqi məlumatların təhlili, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm imkanlar yaratdığını qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsinin və yeni texnoloji çağırışlara uyğun hüquqi mexanizmlərin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb, ölkəmizdə bu istiqamətdə fəaliyyətinin davam etdirildiyini qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Al-Yami süni intellektin insan rifahına və ədalətə xidmət edən vasitə kimi inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu texnologiyaların məhkəmə və idarəetmə sahələrində səmərəliliyin artırılmasına töhfə verdiyini bildirib.

Daha sonra Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri xanım Amina Buayaşın tədbir iştirakçılarına videomüraciəti dinlənilib.

Sammitdə “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər”, “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə”, “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri”, “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” və “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzularında panel sessiyalar təşkil edilib. Sessiyalarda aktual çağırışlar, hüquqi tənzimləmə məsələləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Sammitin yekununda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin Bəyannaməsi səsləndirilib və qəbul olunub.