Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib

22-09-2026 58 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəvəti əsasında ölkəmizdə səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik edib.

Görüşdə Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, aidiyyəti dövlət qurumunun struktur bölmə rəhbər və əməkdaşları, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, eləcə də Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Ombudsman qonaqları salamlayaraq, hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Səbinə Əliyeva qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi və qərar qəbuletmə proseslərində fəal iştirakının təşviq edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Ombudsman qonaqlara Azərbaycanın hüquq sistemi, Ombudsman təsisatının fəaliyyəti, insan hüquq və azadlıqlarının müdafiəsi, bərabərlik prinsipinin təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib.

Həmçinin Azərbaycanda qadın hüquqşünasların müxtəlif dövlət qurumlarında, məhkəmə sistemində, vəkillik və digər hüquq sahələrində geniş təmsil olunduğu, onların hüquq və ədalətin təmin edilməsində, eləcə də ictimai həyatda fəal rol oynadığı qeyd edilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin insan hüquqlarının müdafiəsi və hüquq sahəsində əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı vurğulanıb. Bu çərçivədə iki ölkənin hüquq sistemləri arasında təcrübə və fikir mübadiləsinin genişləndirilməsinin, qadın hüquqşünasların əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Zübeyde Aksay səmimi qəbula görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi Cəmiyyətin 1968-ci ildən etibarən fəaliyyəti, qadın hüquqşünasların peşəkar inkişafının dəstəklənməsi, onların hüquq sahəsində fəal iştirakının təşviqi, bilik və bacarıqlarının artırılması, eləcə də qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Görüş zamanı qadın hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, hüquqşünas qadınların hüquq müdafiəsi fəaliyyətində rolunun artırılması, qarşılıqlı təcrübə mübadiləsi, birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi və gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.