Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Polis Akademiyasının dinləyiciləri üçün mühazirə keçib

14-04-2023 262 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Polis Akademiyasının dinləyiciləri üçün mühazirə keçib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında insan hüquqları sahəsində maarifləndirmə istiqamətində davam etdirilən səmərəli əməkdaşlıq çərçivəsində dinləyicilər üçün analoji mövzular tədris olunur ki, bu da onların nəzəri biliklərinin artırılması və peşəkarlıq səviyyələrinin yüksəldilməsində mühüm rol oynayır.

Bu baxımdan bir sıra rayon (şəhər) polis idarə və şöbələrinin rəhbər heyətinə ünvanlanan növbəti mühazirə “Korrupsiyaya qarşı mübarizə, polisin fəaliyyətində insan hüquqlarının qorunması, bu sahədə milli və beynəlxalq normativ hüquqi aktların tələbləri” mövzusuna həsr olunub.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov daxili işlər orqanları əməkdaşlarının insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsi sahəsində peşəkarlığının, dünyagörüşünün, qanunvericilik biliklərini tətbiqetmə bacarığının artırılması və onların innovativ iş metodlarına yiyələnməsi məqsədilə keçirilən həmin mühazirə dərsində fənn müəllimi ilə birgə iştirak edib. 

M.Mahmudov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, icra olunan dövlət proqramları, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər, Ombudsman tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə dinləyicilərə ətraflı məlumat verib.

Qarşılıqlı diskusiya şəraitində keçən dərsdə insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə əlaqədar dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.