Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən ümumtəhsil məktəblərində təlimlər keçirilir

05-04-2023 365 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən ümumtəhsil məktəblərində təlimlər keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrasında iştirak edilməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə olunmuşdur.

Bu məqsədlə Ombudsman Aparatı tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı şəhəri Sabunçu rayonu 90 nömrəli, Nərimanov rayonu 212 nömrəli, Xəzər rayonu 156 nömrəli tam orta məktəblərində şagirdlərin və müəllimlərin iştirakı ilə “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlimlər keçirilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları təlimlərdə təqdimatla çıxış edərək, iştirakçılara uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan milli qanunvericilik aktları və beynəlxalq sənədlər, uşaqların zorakılığın və ayrı-seçkiliyin bütün formalarından müdafiəsi barədə məlumat verib, həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzinin fəaliyyəti haqqında danışıblar.

Təlimlər zamanı aparılan qrup işlərində uşaqlar tərəfindən uşaq hüquqlarının müdafiə üsullarını əks etdirən rol oyunları nümayiş etdirilib, məişət zorakılığı, erkən nikah, gender əsaslı zorakılıq, kibercinayətkarlıq, uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb. İnteraktiv şəkildə davam edən müzakirələrin yekununda şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin Bakı şəhərinin digər rayonlarında, habelə Gəncə, Şəki, Quba və Masallı şəhər və rayonlarında yerləşən ümumtəhsil məktəblərində də keçirilməsi planlaşdırılır.