Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına Ombudsmanın münasibəti

09-01-2024 1999 dəfə oxunub
ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına  Ombudsmanın münasibəti

Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşamışdır. Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanmış və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant ölkələr siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir.

İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz göstəricilərindəndir.

Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik.

Həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir,  bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik.

Bununla yanaşı, hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, habelə hal-hazırda Ermənistan ərazisində xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha çatdırmaq istərdik.

Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir.

Azərbaycan Ombudsman təsisatı  dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmin edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq.

Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin öz hesabatında Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən hazırlanmış əsassız və qərəzli hesabat və bəyanatlara istinad etməsi qəbuledilməzdir.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

9 yanvar 2024-cü il