Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Süni zəka və insan hüquqları” mövzusunda beynəlxalq təlimdə iştirak edib

29-06-2022 239 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Süni zəka və insan hüquqları” mövzusunda beynəlxalq təlimdə iştirak edib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin birgə təşkilatçılığı ilə Albaniyanın Tirana şəhərində “Süni zəka və insan hüquqları” mövzusunda təlim təşkil olunub. Belçika, Danimarka, İrlandiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Türkiyə və digər ölkələrin milli insan hüquqları institutlarının nümayəndələrinin təmsil olunduğu təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Fərqanə Məmmədxanova da iştirak edib. 

Beş gün davam edən təlimdə beynəlxalq ekspertlərin sözügedən mövzu üzrə məruzələri dinlənilib, qloballaşan dünyada rəqəmsal idarəetmənin insan hüquqlarına təsiri və bununla bağlı insan hüquqları müdafiə mexanizmlərinin rolu müzakirə edilib. 

F.Məmmədxanova təlimin müzakirə hissəsində Ombudsmanın fəaliyyət istiqamətləri barədə məlumat verərək müasir çağrışlar fonunda ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılmasının beynəlxalq təcrübəyə əsaslandığını, bununla bağlı müvafiq hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin beynəlxalq sahədə müsbət təcrübə kimi qiymətləndirildiyini təlim iştirakçılarının diqqətinə çatdırıb. Ombudsman Aparatının nümayəndəsi təlimdə rəqəmsal idarəetmənin insan hüquqlarına təsiri və bu sahədə milli insan hüquqları institutlarının rolu mövzusunda hazırladığı fəaliyyət planının təqdimatını edib. 

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.