Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

28 May - Müstəqillik Günündə növbəti Əfv Sərəncamı icra edilib

28-05-2022 289 dəfə oxunub
28 May - Müstəqillik Günündə növbəti Əfv Sərəncamı icra edilib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müstəqillik Günü ərəfəsində imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2022-ci il 27 may tarixli Sərəncam dövlətimizin uzun illərdir davam etdirilən humanizm siyasətinin növbəti təzahürüdür.

İnsan hüquqları üzrə müvəkkilin ünvanladığı əfv haqqında müraciətlərin də nəzərə alındığı bu Sərəncam ümumilikdə 213 nəfər şəxsi əhatə edib. Həmin şəxslərdən 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. 

Bu Əfv Sərəncamı ilə Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 31 nəfər məhkum əfv olunub. Həmin şəxslərdən 27 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ümumilikdə təsisatın fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 805 məhkum, o cümlədən yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumlar əfv ediliblər.

Əfv Sərəncamının icrası ilə əlaqədar olaraq, Ombudsman Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 9, 10, 17 saylı cəzaçəkmə müəssisələrində və Həbsxanasında olub. Ombudsman iştirak etdiyi tədbirlərdə məhkumları 28 May – Müstəqillik Günü və əfv olunmaları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Ombudsman çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin humanist siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin insan hüquqlarına verilən mühüm dəyərin göstəricisi olduğunu vurğulayıb. 

Ombudsman müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 68 Əfv Sərəncamının imzalandığını, 12 Amnistiya Aktının qəbul olunduğunu, nəticədə minlərlə insanın azadlığa buraxılaraq ailələrinə qovuşduğunu söyləyib.

Sərəncamın icrası zamanı Ombudsman azadlığa buraxılan şəxslərə ailələrinə, cəmiyyətə və sağlam həyat tərzinə qovuşmalarını, dövlətçiliyə sadiq qalmalarını tövsiyə edib.

Yekunda həmin müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim olunub.

Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.