Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatının 20 illiyi münasibətilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib

25-05-2022 303 dəfə oxunub
Ombudsman təsisatının 20 illiyi münasibətilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə Ombudsman, Milli Məclis və TÜRKPA-nın birgə əməkdaşlığı çərçivəsində “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılış hissəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, TÜRKPA baş katibi Mehmet Süreyya Er, Ombudsman Səbinə Əliyeva, TÜRKPA Hüquq İşləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Erol Kaya çıxış ediblər.

Növbəti sessiyalarda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri, habelə millət vəkilləri və xarici parlamentlərin nümayəndələri çıxış ediblər.  

Ombudsman Səbinə Əliyeva çıxışı zamanı əsas fəaliyyət istiqamətləri, eləcə də son illərdə strukturla bağlı həyata keçirilmiş islahatlar barədə konfrans iştirakçılarına məlumat verib. Ombudsmanın parlamentə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər vermək səlahiyyəti olduğu, 20 illik fəaliyyət dövrü ərzində təsisatla ali qanunvericilik orqanı olan Milli Məclis arasında səmərəli əməkdaşlıq əlaqələri qurulduğu qeyd olunub. Bu baxımdan bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi ilə bağlı verilmiş təkliflərin nəzərə alındığı, bəzi beynəlxalq konvensiyaların ratifikasiya edildiyi diqqətə çatdırılıb. S.Əliyeva əlavə edib ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflərin də yaxında müzakirəyə çıxarılacağı gözlənilir. 

Türk dövlətləri arasında insan hüquqları, demokratik inkişaf baxımından əməkdaşlığın, habelə yeni yaradılmış Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası çərçivəsində birgə fəaliyyətin önəmi vurğulanıb.  

S.Əliyeva dünyada formalaşmaqda olan yeni çağırışlarla bağlı Türk dövlətlərinin parlamentləri ilə bərabər, ombudsmanların və milli insan hüquqları institutlarının da qarşısında tarixi əhəmiyyətə malik yeni mühüm vəzifələr dayandığını bildirib.

Konfrans çərçivəsində ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri və parlament nümayəndələri Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçiriblər. Görüş zamanı Ombudsman Aparatı ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb, fikir mübadiləsi aparılıb.

“Ombudsman institutlarının səmərəli fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti” adlı sessiya çərçivəsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Respublikasının Ombudsmanı Elvira Azimova, Qırğız Respublikasının Ombudsmanı Atır Abdrahmatova, Türkiyə Respublikasının Baş Ombudsmanı Şeref Malkoç, Özbəkistan Respublikasının Ombudsmanı Feruza Eşmatova çıxış edərək, ölkə təcrübələrini paylaşıblar.

Yekunda Azərbaycan Ombudsmanı qonaqlara minnətdarlığını bildirərək, TÜRKPA üzv dövlətlərinin ombudsmanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.