Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

05-05-2022 252 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının müdafiəsi” mövzusunda videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Ombudsman müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən doğum günü ərəfəsində hər il olduğu kimi böyük ehtiramla yad edildiyini vurğulayıb.

Ombudsman çıxışında Ulu Öndərin hakimiyyəti dövründə insan hüquqlarının təmininə və bu sahədə müvafiq hüquqi bazanın formalaşmasına göstərdiyi diqqət barədə danışıb. S.Əliyeva “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun məhz Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunduğunu  qeyd edib.

Müvəkkil, həmçinin ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində aparılan islahatlardan, əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. Eyni zamanda, Ombudsman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə sosial cəhətdən həssas əhali qruplarının rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən bir sıra mühüm layihələrin həyata keçirilməsi barədə danışıb.

Daha sonra Ombudsman təsisatın fəaliyyəti çərçivəsində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, qaçqın, məcburi köçkün və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların, habelə digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Tədbir iştirakçılarına Vətən müharibəsi və postmüharibə dövründə Ombudsmanın həyata keçirdiyi fəaliyyət, habelə beynəlxalq ictimaiyyətə təqdim olunmuş çoxsaylı hesabat, bəyanat, müraciətlər barədə də məlumat verilib.

Daha sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Ulu Öndər Heydər Əliyevin insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafında rolu barədə məruzələrlə çıxış ediblər.

Sonda S.Əliyeva Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında və onun xeyir-duası ilə yaradılmış Ombudsman təsisatının bundan sonra da xalqımıza sədaqətlə xidmət edəcəyini vurğulayıb.