Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Qadın, sülh və təhlükəsizlik İkinci Qarabağ müharibəsindən sonra” mövzusuna həsr olunmuş tədbirdə iştirak edib

29-04-2022 317 dəfə oxunub
Ombudsman “Qadın, sülh və təhlükəsizlik İkinci Qarabağ müharibəsindən sonra” mövzusuna həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qadın, sülh və təhlükəsizlik İkinci Qarabağ müharibəsindən sonra” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxışı zamanı Ombudsman müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki rolu, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması, ictimai-siyasi həyatda iştirakı, habelə ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən söhbət açıb.

Daha sonra Ombudsman təsisatının ötən 20 il ərzindəki fəaliyyəti, qadın hüquqlarının müdafiəsi, qadınların idarəetmədə və ictimai həyatdakı mövqeyinin genişləndirilməsi, onların pozulan hüquqlarının bərpasından bəhs edib.

Qeyd edilib ki, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir vaxtda Ermənistanın  Azərbaycanın müxtəlif yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən, qadağan edilmiş silahlardan istifadə etməklə atəşə tutması zamanı çoxsaylı mülki şəxslər, o cümlədən qadınlar da həlak olub. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

Çıxış zamanı Ombudsman tərəfindən dünya ictimaiyyətinə edilən müraciətlər, beynəlxalq təşkilatlara ünvanlanan əsaslandırılmış hesabatlar, müharibə və terror cinayətlərini ifşa edən geniş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyaların həyata keçirilməsi barədə də məlumat verilib.

Bununla yanaşı, S.Əliyeva dövlətimizin qarşısında duran əsas vəzifədən - azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dağıdılmış infrastrukturun, Azərbaycan xalqının tarixi abidələrinin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi mövzusuna toxunub.

Ombudsman cəmiyyətin hər bir üzvü kimi Azərbaycan qadınının postmünaqişə dövründə həyata keçirilən tədbirlərdə, o cümlədən sülh quruculuğu prosesində yaxından iştirak etməli olduğunu bildirib.

Sonda Ombudsman tədbir iştirakçılarını insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində birgə əməkdaşlığa dəvət edərək, tədbirin işinə uğurlar arzulayıb.