Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri İstanbulda keçirilən beynəlxalq tədbirdə çıxış edib

17-02-2022 238 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri İstanbulda keçirilən beynəlxalq  tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının   Müstəqil   Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı 16-17 fevral tarixlərində İstanbul şəhərində İƏT MDİHK, Türkiyənin Ədliyyə və Xarici İşlər nazirlikləri tərəfindən birgə təşkil edilmiş “Müsəlmanların qarşılaşdığı insan hüquq pozuntuları” adlı beynəlxalq seminarda iştirak edib.

A.Səfixanlı sessiyalarda çıxışı zamanı  faşizm, rasizm, ksenofobiya kimi İslamafobiyanın da insan hüquq və azadlıqlarının kobud pozuntusuna, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsinə səbəb olması barədə danışıb. Ermənistanın uzun illər azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasətinin əsas səbəbi kimi dini və milli faktorların olduğu seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda vurğulanıb ki, ötən il Azərbaycan Ombudsmanının dəvəti əsasında İƏT MDİHK üzvləri ölkəmizdə səfərdə olaraq, Ermənistan tərəfindən törədilmiş beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozuntusu hallarının müəyyən edilməsi ilə bağlı faktaraşdırıcı missiya həyata keçiriblər. Həmin monitorinqlər zamanı nümayəndə   heyətinin   işğaldan   azad   olunmuş Ağdam şəhərində kütləvi dağıntılara, o cümlədən Pənahəli xan məqbərəsi, Ağdam Cümə məscidi kimi mədəni və dini abidələrin   dağıdılması, müsəlmanlara məxsus abidələrin təhqir edilməsi faktlarına şahidlik etdikləri vurğulanıb.

Bununla yanaşı, Aparat rəhbəri çıxışında insanların məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edildiyi Xocalı soyqırımı barədə məlumat verərək, bu dəhşətli qətliamdan 30 il ötdüyünü, lakin bu ağır cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədiyini   nəzərə çatdırıb. İƏT tərəfindən Xocalıda törədilən cinayətin soyqırım kimi tanındığı qeyd olunaraq, digər İslam ölkələrinin də bu cinayəti soyqırım kimi tanımasına çağırış edilib və bu cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.