Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirib

01-12-2021 248 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri tərəfindən 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbirlər təşkil edilib.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyası ilə birlikdə Şəki Dövlət Regional Kollecində müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, Ombudsmanın İİV və QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, habelə İİV ilə yoluxdurmanın yaratdığı cinayət məsuliyyəti barədə iştirakçılara məlumat verib.

Ombudsmanın Quba Regional Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə bu münasibətlə Quba Tibb Kollecində təşkilatçıların nümayəndələri və tələbələrin iştirak etdiyi tədbir keçirilib. Regional mərkəzin rəhbəri Bəhruz Əfəndiyev çıxışında 1988-ci ildən başlayaraq dünyada hər il bu günün qeyd olunmasının əsas məqsədinin insanların diqqətini bu problemə cəlb etmək və onun nə dərəcədə ciddi olduğunu dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu bildirib. 

Ombudsmanın Gəncə Regional Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laborotoriyası birlikdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində şagirdlərin geniş iştirakı ilə “QİÇS-lə mübarizə və QİÇS-ə yoluxmuş şəxslərin hüquqları” mövzusunda  tədbir keçirib. Tədbirdə regional mərkəzin rəhbəri Səbuhi Abbasov Ombudsman təsisatının QİÇS-lə bağlı həyata keçirdiyi maarifləndirmə tədbirləri, həmin xəstələrlə rəftar normaları, onların hüquqları və məsuliyyəti barədə məlumat verib. Yekunda şagirdlərə QİÇS-lə bağlı maarifləndirici bukletlər paylanılıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə rayonun Gənclər və İdman İdarəsi ilə birgə Cəlilabad Tibb Kollecində maarifləndirmə tədbiri keçirib. Regional mərkəzin rəhbəri Ziya İsmayılov çıxışında bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, yoluxma və qorunma üsulları, görülən tədbirlər barədə məlumat verib. 

Tədbirlərdə iştirakçılar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və dövlət tərəfindən bu sahədə görülmüş işlər barədə də məlumatlandırılıblar.

Digər müəssisələrin nümayəndələri də çıxış edərək, İİV/QİÇS anlayışları, bu xəstəliklərin geniş yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər barədə danışıblar.