Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

19-11-2021 224 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə görüşüb.

Görüş zamanı Səbinə Əliyeva ilk növbədə L.Qafarzadəni təbrik edib, Ombudsmanın Aparatı və regional mərkəzlərinin fəaliyyəti, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə gördüyü işlər barədə məlumat verib. 

Daha sonra Ombudsman son zamanlar təsisatın institusional strukturunda həyata keçirilmiş yeniliklər barəsində məlumat verərək, səlahiyyətlərin icrası və müvafiq sahədə ümumi fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Aparatda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin yaradıldığını qeyd edib.   

Görüşdə gənclərin peşəkar kadrlar kimi formalaşmasında dövlətin maraqlı olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan kapitalının inkişafı, gənclərin dövlət idarəetmə orqanlarında məsul vəzifələrə cəlb olunması, bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasətin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Bununla yanaşı, Ombudsman gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına, hüquq-mühafizə orqanları əməkdaşlarına və hərbçilərə ünvanlanan maarifləndirici tədbirlərin təşkilindən danışıb. Qeyd edilib ki, hər il müxtəlif ali təhsil müəssisələrinin tələbə və magistrantları təsisatda səmərəli istehsalat və elmi-tədqiqat təcrübəsi keçirlər, habelə insan hüquqları üzrə yüksək ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verilir.

Görüşdə Müvəkkil milli preventiv mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr haqqında da məlumat verib. O, bildirib ki, başçəkmələrin nəticələri mütəmadi şəkildə təhlil edilir, zəruri hallarda müvafiq müəssisələrdə işin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə aidiyyəti dövlət qurumlarına müraciətlər və təkliflər ünvanlanır. Ombudsman başçəkmələr zamanı əhalinin sosial cəhətdən həssas qruplarının, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmini istiqamətində əldə olunmuş nəticələrdən danışıb.

Ombudsman L.Qafarzadənin vətəndaş müraciətləri ilə bağlı praktiki işlərə cəlb olunmasını tövsiyə edib, uşaqların və əlilliyi olan şəxslərin hüquqlarına dair layihənin hazırlanması ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.

L.Qafarzadə insan hüquqları, xüsusilə əlilliyi olan şəxslərin hüquqları sahəsində S.Əliyevanın elmi-pedaqoji, yerli və beynəlxalq praktiki təcrübəsinin zəngin olduğunu qeyd edərək, bu sahədə yeni bilik və bacarıqlara yiyələnmək istədiyini bildirib.