Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəhid ailələrinə ziyarətlər davam edir

22-09-2021 307 dəfə oxunub
Şəhid ailələrinə ziyarətlər davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Aparatı və regional mərkəzlərinin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda can vermiş, İkinci Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın ailələrinə ziyarətlər davam edir, onların qayğıları daim diqqət mərkəzində saxlanılır.

Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məmmədov Vüsal Elşən oğlunun ailəsini ziyarət edib, şəhidin keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə qazilərinə, onların hüquqlarının təmin olunmasına Ombudsman təsisatı tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətini qeyd edib. Regional Mərkəzin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə inşa edilmiş bulağın, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində iştirak ediblər.

Regional Mərkəzin əməkdaşları Gəncə şəhərindən olan şəhidlər Əliyev Cavid Samir oğlunun və Əliyev Şöhrət Canbulat oğlunun ailələri ilə görüşərək, onlara Müvəkkil Səbinə Əliyevanın başsağlığını çatdırıblar, şəhidlərin keçdikləri şərəfli döyüş yollarını dərin ehtiramla yad ediblər.

Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi Əzizov İbrahim Şaməddin oğlunun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin rəsmiləri, şəhidin doğmaları, qazilər və kənd sakinləri iştirak ediblər. Qəhrəman şəhid İbrahim Əzizov həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib. O, Vətən müharibəsində xüsusi rəşadət göstərərək, Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Şəhid İbrahim Əzizov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov şəhidin evində valideynləri və ailə üzvləri ilə görüşərək Ombudsman Səbinə Əliyevanın adından onlara başsağlığı verib. Z.İsmayılov görüş zamanı diqqətə çatdırıb ki, Müvəkkil mütəmadi olaraq şəhid ailələri və qazilərə baş çəkir, onların qaldırdıqları məsələlərlə daim maraqlanır.

Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhid valideynləri Ombudsman Səbinə Əliyevaya öz təşəkkürlərini bildiriblər.