Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti və Baş katibinin müşavirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri yerində araşdırılacaqdır.
Bu gün nümayəndə heyəti Ombudsman Səbinə Əliyeva ilə birlikdə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edib. Əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edən nümayəndə heyətinin üzvləri sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhuna ehtiram ifadə edilib. Bakı Türk Şəhidliyi ziyarət edilib, şəhidlərin xatirəsi hörmətlə anılıb.
Səfər ərzində keçiriləcək rəsmi görüşlər və faktaraşdırıcı missiyalar barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.