Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Zorakılıq və media” mövzusunda konqresdə çıxış edib

09-09-2021 194 dəfə oxunub
Ombudsman “Zorakılıq və media” mövzusunda konqresdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) Səbinə Əliyeva TURAZ Elmi Birliyinin təşəbbüsü ilə təşkil edilmiş “Zorakılıq və media” mövzusunda konqresdə iştirak edib. Qadınlara və uşaqlara qarşı zorakılıq, habelə medianın şiddəti təqdim etmə forması barədə tibbi, hüquqi aspektlər üzrə müzakirələrin aparıldığı konqresə bir çox yerli və beynəlxalq təşkilatlardan nümayəndələr qatılıblar.

Konqresin açılış hissəsində məruzə ilə çıxış edən Ombudsman əvvəlcə cəmiyyətdə demokratik mühitin, aşkarlığın, sərbəst və fərqli düşüncənin etibarlı tribunası kimi kütləvi informasiya vasitələrinin (KİV) rolu barədə danışıb. 

Ombudsman çıxışında zorakılığı təsvir və əks etdirən materialların KİV-də yayımlanması zamanı xüsusi həssaslıq nümayiş etdirilməli olduğunu vurğulayıb. S.Əliyeva qeyd edib ki, müasir dövrdə KİV və sosial mediada geniş yayılmış bu cür halların xüsusən uşaqların psixologiyasına göstərdiyi ciddi mənfi təsirlər nəzərə alınmalıdır. Ombudsman bildirib ki, məişət zorakılığı hallarının, habelə qadın və uşaqlara qarşı zorakılığın qurbanı olmuş şəxslərlə bağlı məlumatlar verilərkən onların şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi hüquqları mütləq nəzərə alınmalıdır.

Çıxış zamanı diqqətə çatdırılıb ki, Ombudsman Aparatı da jurnalistlərin peşə hazırlığının yüksəldilməsi və onların hüquqi biliklərinin artırılması məqsədilə müxtəlif tədbirlər, təlimlər və seminarlar keçirib. 

Yekunda Ombudsman bu sahədə yeni təşəbbüs və təkliflərin artırılmasının arzuolunan olduğunu qeyd edərək, konqresin işinə uğurlar arzulayıb.