Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən Qubada maarifləndirmə tədbiri təşkil olunub

05-11-2021 277 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən Qubada maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasındakı əməkdaşlıq çərçivəsində “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı üzrə Ombudsman Aparatı tərəfindən Qubada dövlət qurumlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi”nə dair təlimlər təşkil olunub.

Həmin təlimlərdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi qismində çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Z. Vəliməmmədli iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayaraq onlara uğurlar arzu edib. Qeyd olunub ki, qərarvermə proseslərində vətəndaş cəmiyyəti institutlarının iştirakının səmərəli şəkildə təmin olunması yaxşı idarəçiliyin həyata keçirilməsində mühüm bir amildir. 

Aidiyyəti dövlət qurumlarının yerli nümayəndəliklərinin və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduqları təlimlərdə yaxşı idarəçiliyin tətbiq olunması və bununla bağlı beynəlxalq meyarlar, mediasiya, Ombudsman tərəfindən şikayət və müraciətlərə baxılması qaydaları, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun təmini mövzularında təlimlər keçirilib. 

Təlimlər zamanı dövlət qurumlarında müasir dövrün də tələbləri nəzərə alınaraq, vətəndaşların keyfiyyətli xidmətlərlə təmin olunması baxımından dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əlaqələrin qurulmasının vacibliyi, eyni zamanda Ombudsman təsisatının bu prosesdəki rolunun əhəmiyyəti barədə danışılıb. 

Maraqlı müzakirələrlə davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.