Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə və Quba regional mərkəzləri tərəfindən onlayn hüquqi maarifləndirmə tədbirləri keçirilib

22-03-2021 216 dəfə oxunub
Ombudsmanın Gəncə və Quba regional mərkəzləri tərəfindən onlayn hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə və Quba regional mərkəzləri tərəfindən məişət zorakılığı və erkən nikah mövzusuna həsr edilmiş onlayn hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, rayon Gənclər və İdman idarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin, aktiv gənclərin iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayıb və Novruz bayramı münasibətilə təbrik edib. S.Abbasov qeyd edib ki,  Azərbaycan Ombudsman təsisatı ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə müntəzəm olaraq maarifləndirmə fəaliyyəti həyata keçirir. Hər il müxtəlif kateqoriyalardan olan əhali qruplarının iştirakı ilə bu mövzuda mərkəzi və yerli dövlət orqanları ilə birgə tədbirlərin təşkil edildiyi, müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın məişət zorakılığının qarşısının alınması məqsədinə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Tədbirdə çıxış edən digər iştirakçılar məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin səmərəliliyini vurğulayıblar.

Ombudsmanın Quba Regional Mərkəzi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi ilə birgə “Erkən nikah problemi, məişət zorakılığı və ona qarşı mübarizə yolları” mövzusunda vebinar təşkil edib.

Tədbirdə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin, Qusar və Xaçmaz rayon icra hakimiyyəti başçılarının müavinləri, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini, Quba regional “ASAN xidmət mərkəzi”ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Xaçmaz və Qusar rayonları üzrə qazisi, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyevvideokonfransda çıxış edərək, tədbir iştirakçılarına Novruz bayramı münasibəti ilə Ombudsmanın təbriklərini çatdırıb. O, erkən nikahların məişət zorakılığının tərkib hissəsi olması, bu cür nikahların yaratdığı hüquqi, psixoloji və tibbi fəsadlar barədə danışıb, məişət zorakılığına qarşı mübarizə sahəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə bağlı geniş məlumat verib.

Daha sonra digər çıxış edənlər mövzu ətrafında müzakirələri davam etdiriblər.