Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçiriblər

27-02-2021 10982 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş silsilə onlayn tədbirlər təşkil ediblər.

Ombudsmanın Gəncə Regional Mərkəzi Xocalı  rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının, fəal gənclərin və faciə şahidlərinin  iştirakı  ilə onlayn tədbir keçirib. Eyni zamanda, Tovuz rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının, fəal gənclərin iştirakı ilə faciənin 29-cu il dönümünə həsr edilmiş videokonfrans formatında tədbir keçirilib. Bundan başqa, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Qazax rayon Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisad Kollecinin, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş onlayn konfranslarda da  iştirak ediblər.

Regional mərkəzin rəhbəri Səbuhi Abbasov bildirib ki, erməni qəsbkarları tərəfindən Xocalıda törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə soyqırım aktıdır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldığı qeyd olunub. S.Abbasov faciənin ildönümü ərəfəsində hər il Ombudsmanın beynəlxalq ictimaiyyətə bəyanatlar ünvanladığını, Ombudsman Aparatı tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini qeyd edərək, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın bəyanatını iştirakçıların diqqətinə çatdırıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi də əhatə etdiyi rayonların bir sıra qurumları, mədəniyyət və təhsil müəssisələri ilə birgə Xocalı soyqırımına həsr edilmiş videokonfranslar keçirib. Cəlilabad Regional Mərkəzi "Şəfəq" Ekoturizm İctimai Birliyi və Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə tədbir təşkil edib. Növbəti tədbirlər Astara, Samux, Yardımlı rayonları Heydər Əliyev Mərkəzləri, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəliyi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara rayon Tarix-diyarşünaslıq muzeyi, rayon Gənclər və İdman İdarəsi və Astara şəhər M.Ə. Sabir adına 1 saylı tam orta məktəbi tərəfindən, həmçinin Cəlilabad Regional Mərkəzi ilə Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli  Gimnaziyanın birgə təşkilatçılığı ilə  keçirilib.

Onlayn tədbirlərdə şəhidlərin ruhu ehiramla anılıb,  Xocalı faciəsi haqqında ətraflı məlumat verilib. Cəlilabad Regional  Mərkəzinin rəhbəri Ziya İsmayılov Ombudsmanın beynəlxalq təşkilatlara, Azərbaycan Respublikasının səfirliklərinə, diaspor təşkilatlarına, xarici ölkələrin respublikamızdakı səfirliklərinə bəyanat ünvanlayaraq, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlərin cəzalandırılması və hadisəyə hüquqi qiymət verilməsinin tələb edildiyini qeyd edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın işğaldan azad olunması barədə danışıb.

Ombudsmanın Şəki Regional Mərkəzi də faciənin ildönümünə həsr edilmiş tədbirlər keçirib. Belə ki, Şəki Regional Mərkəzi və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilaçılığı ilə Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı rayon və Mingəçevir şəhər Heydər Əliyev Mərkəzlərinin,  digər müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, gənclərin, şagirdlərin iştirakı ilə regional videokonfrans keçirilib. Bununla yanaşı, Regional Mərkəz tərəfindən Şəki rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri ilə də bu mövzuda tədbir keçirilib.

Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov videokonfransda bu dəhşətli cinayət nəticəsində insan hüquq və azadlıqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulduğunu, törədilən cinayət əməllərinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu bildirib. 

Keçirilən tədbirlərdə Ombudsmanın Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verdiyi diqqətə çatdırılıb, bəyanatda dünya ictimaiyyətinə ünvanlanmış çağırışlar barədə məlumat verilib.

Ombudsmanın Quba Regional Mərkəzi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığı ilə birgə Xocalı faciəsininin 29-cu ildönümü ilə əlaqədar videokonfrans rejimində anım tədbiri keçirib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər. 

Videokonfransda Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev də məruzə ilə çıxış edib, iştirakçıları Ombudsmanın bəyanatı ilə tanış edib.

Çıxışlarda Xocalı faciəsinin misilsiz vəhşiliklə yaddaşlara həkk olunduğu qeyd olunub, ötən il Vətən müharibəsində qazanılmış zəfərin əhəmiyyəti haqqında danışılıb.