Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Məlumatı

14-01-2021 280 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Məlumatı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu ölkəmizin müvafiq dövlət orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, həmin ərazilərdə qarşı tərəfə məxsus qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhdiddir. Bu cür qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq həmin ərazilərdə yerləşən hər bir kəsin başda yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına və ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atəşkəs əldə edildikdən sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə göndərilmiş həmin şəxslərin törətdikləri terror əməlləri nəticəsində hərbi quluqçularımız və mülki vətəndaşlarımız arasında həlak olan və yaralananlar olmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini və onların törətdikləri cinayət əməllərini qəti şəkildə pisləyirik.

Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Cinayət xarakterli əməllər törətdiklərinə görə saxlanılan erməni terrorçu-diversant qrupun üzvləri beynəlxalq humanitar hüququn və ölkəmizin milli qanunvericiliyinin tələblərinə əsasən birmənalı olaraq hərbi əsir statusu daşımır və bu statusa iddia edilməsinin heç bir hüquqi əsası yoxdur.

Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda terrorçu-diversant qrupun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməlləri açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində ölkəmizin cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət tədbirlərinin tətbiq edilməsi anlayışla qəbul edilməlidir.

Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu kimi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan bu cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır.

Bir daha Ermənistan tərəfini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə riayət etməyə, dinc insanların həyatına təhdid yaradan, hüquq və azadlıqlarının pozulmasına yönəlik təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquq normalarını yalnız tövsif etməklə siyasi manipulyasiyaya yol verməməyə çağırırıq.