Fəaliyyət
Biznesin insan hüquqlarının reallaşdırılmasına təsiri, bu hüquqların pozulmasına görə kommersiya təşkilatlarının məsuliyyəti məsələsi son illər ciddi tədqiqat predmetinə çevrilmişdir. Problemin aktuallığı nəzərə alınaraq müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən bu sahədə ciddi iş aparılır.
Bu baxımdan Biznes və insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin öyrənilməsi və onların qanunvericiliyə implementasiyası məsələsi Azərbaycan Respublikasının İnsan Hüuquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.
12 fevral 2013-cü il tarixdə Müvəkkilin təşəbbüsü əsasında, Ombudsman Aparatında aidiyyəti dövlət qurumlarının və QHT nümayəndələrinin iştirakı ilə “Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri” mövzusunda təşkil olunmuş dəyirmi masada bu sahədə İşçi Qrupun yaradılması qərara alınmışdır.
Müvafiq olaraq, Müvəkkilinin 27 mart 2013-cü il tarixli, 253 nömrəli Sərəncamı ilə Ombudsman yanından “Biznes və İnsan Hüquqları sahəsində İşçi qrup” yaradılmış, Əsasnaməsi təsdiq olunmuşdur.
Hazırda İşçi qrupun tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azad İstehlakçılar Birliyi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Hüquq dünyası” hüquqi təbliğat İctimai Birliyi, Milli QHT Forumu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Mülk” İctimai Assosiasiyası, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, Azərbaycan Qadın və İnkişaf Mərkəzi, Əlil Təşkilatları İttifaqı, Əlil Qadınlar Cəmiyyəti, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi, Əlillərin Cəmiyyətə İnteqrasiyası İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Ahılların Resurs Mərkəzi, Təmiz dünya İctimai Birliyi, Azərbaycan Diabet Liqası nümayəndələrindən ibarətdir.
İşçi qrupun toplantılarına millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, müzakirə mövzusundan asılı olaraq digər aidiyyəti dövlət və biznes qurumlarının nümayəndələri də dəvət olunurlar.
İşçi qrupda üzvlük könüllülük prinsipinə əsaslanır və tərkibi dəyişə bilər.
İşçi Qrupun toplantılarında mövzular üzrə geniş fikir mübadiləsi aparılır, təklif və tövsiyyələr dinlənilir, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil olunur. 2013-2017-ci illər ərzində İşçi Qrup tərəfindən müxtəlif aktual mövzulara həsr olunmuş 15 dəyirmi masa təşkil edilmişdir:
1. “Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri” 15.03.2013
2. “Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri” 18.09.2013
3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun səmərəli tətbiqi sahəsində gələcək əməkdaşlığın perspektivləri 25.11.2013
4. “Uşaq hüquqları və Biznes” 03.02.2014
5. Biznes və qadın hüquqları” 16.04.2014
6. “Biznesin reallaşdırılması zamanı ekoloji tələblərə riayət olunması” 31.10.2014
7. “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” 23.02.2015
8. “Biznes strukturlarında əmək hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının rolu” 22.04.2015
9. “Korporativ sosial məsuliyyət Biznes və insan hüquqlarının mühüm elementi kimi” 30.06.2015
10. “Sahibkarların maraqlarının müdafiəsi Biznes və insan hüquqları kontekstində” 04.12.2015
11. “Azərbaycanda sahibkarların maraqlarının qorunması: mövcud hüquq müdafiə vasitələri” 29.02.2016
12. “Əməkçi miqrantların hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” 29.04.2016
13. “Biznes qurumlarının fəaliyyəti və təhlükəsiz yaşamaq hüququ” 11.11.2016
14. “İstehlakçıların hüquqlarının müdafiəsi Biznes və insan hüquqları kontekstində” 28.03.2017
15. Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 15-ci toplantısı keçirilmişdir. 20.12.2017
Qrupun fəaliyyətinin əsas istiqamətlərindən birini BMT-nin “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsipləri”nin və bu sahədə digər beynəlxalq sənədlərin implementasiyası məqsədi ilə zəruri tədbirlərin görülməsi təşkil edir. Azərbaycan Ombudsmanın təşəbbüsü və daxili vəsaiti hesabına BMT-nin “Biznes və İnsan Hüquqları sahəsində Rəhbər Prinsipləri” və bu sənədin “Şərhi”, eyni zamanda, BMT-nin Beynəlxalq Sazişi, Edinburq Bəyannaməsi Azərbacyan dilinə tərcümə olunmuş, işçi qrupun üzvlərinə paylanılmış və Müvəkkilin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Azərbaycan Ombudsmanı və Aparatın nümayəndələri “Biznes və insan hüquqları” ilə bağlı Beynəlxalq əhəmiyyətli tədbirlərdə də iştirak edirlər.
20-21 fevral 2013-cü il tarixdə Brüsseldə Azərbaycan Ombudsmanının da məruzəçi qismində iştirak etdiyi sahibkarlıq fəaliyyətinin rəhbər prinsiplərinin milli səviyyədə implementasityasına həsr olunmuş Şərq Tərəfdaşlığı ölkələri Ombudsmanlarının 2-ci Sammiti keçirilmişdir. 2010-cu il tarixli “Edinburq Bəyannaməsi”nin müddəalarına əsasən təşkil olunmuş bu tədbirdə beynəlxalq səviyyədə təsbit olunmuş biznes və insan hüquqları üzrə rəhbər prinsiplərin implementasiyasında Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda fikir mübadiləsi aparılmış, iştirakçı ölkələrin bu sahədə fəaliyyət praktikası dinlənilmiş, Paris prinsipləri çərçivəsində Ombudsman təsisatlarının qeyd olunan istiqamət üzrə mandatlarının genişləndirilməsi məsələsi müzakirə olunmuşdur.
Bununla yanaşı 2-4 dekabr 2013-cü il tarixdə Cenevrə şəhərində keçirilmiş BMT-nin Biznes və insan hüquqları üzrə ikinci illik Forumunda və 20 fevral 2014-cü il tarixdə Cenevrə şəhərində BMT-nin “Biznes və İnsan hüquqları üzrə rəhbər prinsipləri”nin implementasiyası üzrə Milli Fəaliyyət Planlarının əsas elementləri mövzusunda təşkil olunmuş Açıq Məsləhətləşmədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri iştirak etmiş, Azərbaycan Ombudsmanın bu sahədə fəaliyyəti barədə geniş məlumat verərək təklif və tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
“BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu”nun ölkəmizə 18-27 avqust 2014-cü il tarixli rəsmi səfərinin nəticəsinə dair hazırladığı müvafiq hesabatında Müvəkkilin bu sahədəki fəaliyyəti müsbət qiymətləndirilmiş, İşçi Qrupun təqdim etdiyi sorğu vərəqəsi təsisat tərəfindən müvafiq qaydada cavablandırılmışdır.
Biznes və insan hüquqları sahəsi Müvəkkilin daim diqqət mərkəzindədir. Bu sahədə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə Müvəkkil tərəfindən davamlı olaraq tədbirlər təşkil olunur, elmi-analitik iş aparılır, beynəlxalq təcrübə öyrənilir, bu istiqamətdə dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir.