Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkəmizdə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Lənkəran şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə, Lənkəran Şəhər Mədəniyyət Mərkəzində, Masallı Dövlət Regional Kollecində və Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.
“Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi”, “Uşaq hüquqları: vəzifələrimiz və məsuliyyətimiz”, “BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının qorunmasında mütərəqqi sənəd kimi” və “Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi” mövzularında keçirilmiş tədbirlərdə uşaqların hüquqlarının qorunmasında ailənin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, bu sahədə maarifləndirmə işlərinin əhəmiyyətindən danışılıb.
Eyni zamanda, uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, Ombudsmanın bu sahədə həyata keçirdiyi geniş fəaliyyəti, “916” Çağrı Mərkəzi barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.