Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının Məlumatı

28-12-2018 10408 dəfə oxunub
Ombudsman Aparatının Məlumatı

Son zamanlar mətbuatda dərc olunan “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirləri ciddi narahatlığa və geniş müzakirələrə səbəb olmuşdur. Qeyd olunan məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın da diqqətindən kənarda qalmamışdır.

Belə ki, müvafiq tapşırıq əsasında Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər aparılmış, sorğular əsasında Lənkəran, Lerik və Astara rayonlarının Təhsil şöbələrindən tabelikdə olan ümumtəhsil məktəblərində (tam orta, ümumi orta, ibtidai məktəblər və məktəbdənkənar tərbiyə müəssisələrində) təhsil alan qız şagirdlərin sayı barədə məlumatlar əldə edilmişdir. 

Statistik məlumatlara əsasən Lənkəran rayonu üzrə şagirdlərin ümumi sayı 32376 nəfərdir. Onlardan 15427 nəfərini (48%-ni) qızlar təşkil edir. 7-11-ci siniflərdə hal-hazırda 5050 nəfər qız təhsil alır. 

Lerik rayonu üzrə şagirdlərin ümumi sayı 6774 nəfərdir. Onlardan 3201 nəfərini (47%-ni) qızlar təşkil edir. 7-11-ci siniflərdə hal-hazırda 1086 nəfər qız təhsil alır. 

Astara rayonu üzrə şagirdlərin ümumi sayı 17451 nəfərdir. Onlardan 8526 nəfərini (49%-ni) qızlar təşkil edir. 7-11-ci siniflərdə hal-hazırda 2654 nəfər qız təhsil alır. 

Bundan başqa Müvəkkilin tapşırığına əsasən Cəlilabad Regional Mərkəzinin əməkdaşları tərəfindən Lənkəran rayonu Nərimanabad, Şovu və Şürük kənd tam orta məktəblərində qızların dərsə davamiyyəti ilə bağlı monitorinqlər aparılmışıdır. 

Aparılmış baxışlar zamanı Lənkəran rayonu Nərimanabad kənd tam orta məktəbində 265 nəfər şagirdin təhsil aldığı, onlardan 142 nəfərinin oğlan, 123  nəfərinin isə qız olduğu müəyyən edilmişdir. 

Eyni zamanda Lənkəran rayonunun Şovu kənd tam orta məktəbində təhsil alan 315 nəfər şagirddən 182 nəfərinin oğlan, 133 nəfərinin qız, Lənkəran rayonu Şürük kənd tam orta məktəbində isə 425 nəfər şagirddən 235 nəfərinin oğlan, 190  nəfərinin qızlar olduğu məlum olmuşdur. 

Monitorinq nəticəsində qızların dərsə davamiyyətinin oğlanlara nisbətən daha fəal olduğu müəyyən edilmişdir. 

Ombudsman qeyd olunan məsələni diqqətdə saxlamaqla bu cür monitorinqləri planlı şəkildə davam etdirəcəkdir.