Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul edib

21-08-2024 1715 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.

Görüş zamanı Ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib.

İnsan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva bununla bağlı xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, həmçinin bu təsisatları birləşdirən regional və beynəlxalq assosiasiyalar ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, müasir çağırışlar fonunda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təsisatlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsi hüquq mədəniyyətinin inkişafı ilə yanaşı, dünyada sülhün təmin olunmasında da mühüm rol oynayır. 

Eyni zamanda, Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən danışıb, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Görüş zamanı Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, Ombudsmana müraciət üsulları, eləcə də Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.

S.Əliyeva ölkəmizin cari il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini, tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.