Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edilib

20-05-2025 68 dəfə oxunub
“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil olunub.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla açılış nitqi ilə çıxış edərək dövlət müstəqilliyinin bərpa edildiyi gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verildiyini və bu istiqamətdə böyük nailiyyətlərin əldə olunduğunu bildirib.

Kamal Abdulla milli dəyərlərin qorunmasının və hüquqi şüurun formalaşdırılmasının cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. O, belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılması, onların vətəndaş məsuliyyətinin dərk olunması və fəal sosial mövqe nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva insan hüquqlarının qorunmasının və demokratik inkişafın davamlı şəkildə təmininin dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğunu, bu istiqamətdə hər kəsin, o cümlədən gənclərin fəallıq nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Müvəkkil forumda aparılan müzakirələrin və irəli sürülən təkliflərin gənclərin Konstitusiya və suverenlik məsələlərinə dair maariflənməsinə zəmin yaradacağını, bu kimi tədbirlərin gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Ombudsman Ümummilli Lider Heydər Əliyevin bilavasitə müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının milli hüquq sistemimizin təməlini təşkil etdiyini bildirib, Konstitusiyamızın ölkəmizin hüquqi dövlət kimi inkişafının əsaslarını müəyyən etdiyini vurğulayıb. Müvəkkil Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik strategiyası nəticəsində otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu qeyd edib.

Ölkəmizdə 18 may - 18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edildiyini bildirən Səbinə Əliyeva Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini, xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verildiyini bildirib.

Forumda, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları”, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik”, ADU-nun Təhsil fakültəsinin dekanı Hikmət Əlizadə “Suverenlik xalqın milli sərvətidir”, universitetin tələbəsi Leyla Rzazadə “İkinci Qarabağ müharibəsində informasiya cəbhəsi: Azərbaycan Dillər Universitetinin tələbə və akademik heyətinin dəstəyi” mövzularında çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması və ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs ediblər.