Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ATƏT-in Varşavada keçirdiyi iclas çərçivəsində müzakirədə çıxış edib

07-09-2022 261 dəfə oxunub
Ombudsman ATƏT-in Varşavada keçirdiyi iclas çərçivəsində müzakirədə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Polşanın paytaxtı Varşavada ATƏT regionuna daxil olan milli insan hüquqları institutları rəhbərlərinin iclası çərçivəsində keçirilmiş sessiyalarda müzakirə zamanı çıxış edib.

Ombudsman Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin etdiyi çoxsaylı çağırışlara baxmayaraq təcavüzkar ölkəyə qarşı qəti tədbirlər görülməməsinin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının pozulmasına səbəb olduğunu qeyd edib. 30 ilə yaxın müddət ərzində BMT-nin icra olunmamış məlum dörd qətnaməsinin Azərbaycan tərəfindən təkbaşına icrasının təmin edildiyi, nəticədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı beynəlxalq hüquq normalarının tətbiqində ikili standartların yolverilməzliyinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Ombudsmanın İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat, bəyanat və müraciətlər toplusu, habelə Ombudsman Aparatı tərəfindən hazırlanmış insan hüquqlarının müxtəlif sahələri ilə bağlı çap vəsaitləri tədbir iştirakçıları arasında paylanılıb.