Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin xatirəsini yad edib

15-07-2021 236 dəfə oxunub
Ombudsman Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin xatirəsini yad edib

Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyul ayında Tovuzda törətdiyi təxribatın qarşısını alarkən general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmalarından bir il ötür. 

Bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Milli Qəhrəmanları şəhid general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad edib. 

Anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin döyüş yoldaşları onların keçdikləri şərəfli döyüş yolundan və onlarla bağlı xatirələrindən danışıb. 

Ombudsman S. Əliyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində şəhidlərimizin əziz xatirələrinin heç bir zaman unudulmayacağını, hər bir azərbaycanlının qəlbində daim yaşayacağını və fəxarət hissi ilə anılacaqlarını bildirib. 

Daha sonra Ombudsman Sumqayıt şəhərində general-mayor Polad Həşimovun büstünün, habelə şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə adının verilmiş olduğu küçədə barelyefinin açılış mərasimində olub. Tədbir zamanı S. Əliyeva gənclərimizin general-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolunu və göstərdikləri igidlikləri bundan sonra örnək alacaqlarını qeyd edib.